REGİONLAR
Şəmkirdə becərilən şəkər çuğunduru məhsuldarlığı ilə seçilir
Şəmkir, 10 noyabr, AZƏRTAC
Şəmkirdə şəkər çuğundurunun yığımına başlanılıb. Şəmkir bələdiyyəsi nəzdində yaradılan “Ceyrançöl” Məhdud Məsuliyyətli Cəmiyyətinin 677 hektar ərazidə əkilən çuğundur sahələrindən gözləntilər özünü doğruldaraq məhsuldarlığı ilə seçilir. Hər hektardan orta hesabla 45-50 ton məhsul götürülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atdığı addımlar nəticəsində xammal ehtiyatlarının daxili imkanlar hesabına ödənilməsi üçün yaradılan “Ceyrançöl” MMC-də şəkər çuğundurunun gələcəkdə 2000 hektar ərazidə becərilməsi nəzərdə tutulur. Bununla da “Ceyrançöl” MMC ölkədə şəkər istehsalı üçün xammala olan tələbatın ödənilməsində böyük pay sahibi olacaq.