REGİONLAR
Şəmkirdə görmə qabiliyyəti məhdud olan gənclər üçün kompüter kursları təşkil edilib
Şəmkir, 15 noyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkirdəki Heydər Əliyev Mərkəzində görmə imkanları məhdud olan gənclər üçün “Jaws for windows” (Ekran oxuma) proqramı vasitəsilə kompüter kursları keçirilir.
Kurslar Prezident yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olmuş Xanoğlan Sadıqovun rəhbərlik etdiyi “Günəşli gələcək” layihəsi çərçivəsində reallaşır.
Layihə rəhbəri Xanoğlan Sadıqov AZƏRTAC-a bildirib ki, özünün də görmə imkanı məhduddur. O, kompüter kurslarını təşkil etməklə sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyasını, onların ictimai aktivliyini yüksəltməyi nəzərdə tutur.
İki ay davam edəcək layihə çərçivəsində görmə imkanları məhdud şəxslər ofis proqramlarını və internet istifadəsini öyrənməklə, istənilən özəl və ya dövlət müəssisəsində səhifə adminliyi, bloggerlik kimi işlərdə çalışma imkanına malik olacaqlar.