REGİONLAR
Şəmkirdə heyvandarlıqda müasir texnologiyadan və zəngin tərkibli qidalardan istifadə olunur
Şəmkir, 12 fevral, Famil Quliyev, AZƏRTAC
Qərb bölgəsində heyvandarlığa maraq getdikcə artmaqdadır. Belə ki, yeni təsərrüfatlar yaradılır, xaricdən daha məhsuldar cinslər gətirilərək bəslənib artırılır. Belə iri maldarlıq təsərrüfatlarından biri də Şəmkir rayonu ərazisində fəaliyyət göstərir. Burada iki minə yaxın iribuynuzlu heyvan saxlanılır. Mal-qaranın bəslənməsində müasir texnologiyalardan və zəngin tərkibli qidalardan istifadə edilir. Təsərrüfatda demək olar ki, bütün işlər mexanikləşdirilib. Ot, qarğıdalı, çuğundur, arpa, duz və digər məhsullar aqreqata tökülür, orada tam şəkildə doğranıb qarışdırıldıqdan sonra heyvanlara verilir. Malların su ilə təmin edilməsi də mexanikləşdirilib. Daha bir senaj bağlayan qurğu isə Türkiyədən gətirilib.
Maldarlıq təsərrüfatının meneceri Rovşan Fidan AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Heyvandarlıq təsərrüfatında anqus, simmental və digər cinslərdən olan mallar saxlanılır. Heyvanların yemlərini biz öz ərazimizdən təmin edirik. Əkin sahələrində yeni pivot suvarma sistemi quraşdırılıb”.
Təsərrüfatlarda müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işi də aparılır. İribuynuzlu və təkdırnaqlı heyvanlar qarayara əleyhinə, sahibli itlər isə quduzluğa qarşı peyvənd edilir.
Qeyd edək ki, hazırda Şəmkir rayonunda 61 min baş iribuynuzlu, 288 min baş xırdabuynuzlu mal-qara mövcuddur.