REGİONLAR
Şəmkirdə istixanalarda yetişdirilən məhsulların böyük hissəsi xaricə ixrac olunur
Şəmkir, 27 fevral, Famil Quliyev, AZƏRTAC
Şəmkirdə istixana təsərrüfatları geniş yayılıb. Belə istixana sahiblərindən biri də Məzahir Hüseynovdur. O, 3 hektar ərazini əhatə edən istixanada pomidor toxumundan şitil yetişdirir və hazırda 100 min ədəd şitil basdırıb. Dekabr ayında əkilən pomidor becərilir və ziyanvericilərə, müxtəlif xəstəliklərə qarşı dərman preparatlarından istifadə olunur. İstilikxanada normal temperatur yaratmaq üçün qaz və ya mazut yanacağından istifadə edilir.
Fermer Məzahir Hüseynov AZƏRTAC-a bildirib ki, istixanada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərdə, məhsul yığımında işçilərin sayı 60-70 nəfərə çatdırılır. İstilikxanada yetişdirilən məhsulun əsas hissəsi xarici ölkələrə göndərilir. Bu ondan irəli gəlir ki, hazırda Azərbaycanda rəqabətqabiliyyətli, ekoloji təmiz məhsul istehsal olunur.
Şəmkir istixanaları əsas etibarı ilə qış dövrünü başa vurub, nisbətən isti mövsümə qədəm qoyublar. Cəmi bir ay sonra məhsul yığımına başlanılacaq və bazara faraş tərəvəz çıxarılacaq.