REGİONLAR
Şəmkirdə şahmat yarışlarına start verilib
Şəmkir, 4 may, AZƏRTAC
Şəmkir Şahmat Məktəbində rayon gənclər və idman idarəsi və YAP Şəmkir rayon Gənclər Birliyinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, turniri açan rayon gənclər və idman idarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov iştirakçıları salamlayaraq, ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, hər bir gənc üçün Ümummilli Liderin siyasi irsinin öyrənilməsi vacibdir.
Çıxış edən şahmat məktəbinin direktoru Tahir Novruzov yarış iştirakçılarına uğurlar arzulayıb və yarışın keçirilmə qaydaları haqqında məlumat verib.
Yarışın rəsmi hissəsində ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film izlənilib.
Xatırladaq ki, yarış iki gün davam edəcək.