REGİONLAR
Şəmkirdə şair Taleh Həmidin 65 illiyi qeyd olunub
Bakı, 19 iyun, AZƏRTAC
Tanınmış şair Taleh Həmidin anadan olmasının 65 illiyi ilə əlaqədar onun doğulub boya-başa çatdığı Şəmkirdə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Taleh Həmidin kitablarından ibarət sərgi ilə tanış olub, şairin həyat və yaradıcılığına həsr edilmiş videoçarxa baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 64 yaşında vəfat edən Taleh Həmidin həyat və yaradıcılığı barədə məlumat verib, onun xidmətlərindən danışıb.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin rəhbəri Barat Vüsal, Gəncə bölməsinin rəhbəri Xəzangül Hüseynova, şair Məzahir Hüseynzadə, “Vergilər qəzeti”nin baş redaktoru Anar Əliyev, Dəllər-Cəyir kənd orta məktəbinin direktoru İlqar Qurbanov və başqaları çıxış edərək, Taleh Həmidin yaradıcılığının spesifik xüsusiyyətlərindən söz açıb, şair haqqında xoş xatirələrini bölüşüblər.
Şairin qardaşı Eyvaz Həmid və həyat yoldaşı İradə Babayeva çıxış edərək tədbirin
təşkilatçılarına, Taleh Həmid yaradıcılığını sevənlərə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə məktəblilər şairin şeirlərini səsləndiriblər.
Sonda rayon icra hakimiyyətinin başçısı Taleh Həmidin Dəllər-Cəyir kəndində yaşadığı küçəyə onun adının verilməsi haqqında sərəncamı şairin həyat yoldaşı İradə Babayevaya təqdim edib.