REGİONLAR


Şəmkirdə şəhid əsgərimizin xatirəsi anılıb

A+ A

Şəmkir, 2 sentyabr, Famil Quliyev, AZƏRTAC

Şəmkir rayonunun Düyərli kəndində aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində erməni təxribatının qarşısını alarkən şəhid olmuş Altun Fərman oğlu Dəmirlinin ad günündə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, kənd sakinləri, 1 və 2 nömrəli Düyərli kənd tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək, üzərinə güllər düzüblər.

Çıxışlarda qeyd olunub ki, Altun Dəmirli 1997-ci il sentyabrın 1-də Şəmkirin Düyərli kəndində anadan olub. Uşaqlığı doğulduğu kənddə keçən Altun 2003-cü ildə Düyərli kəndində 1-ci sinfə gedib. Məktəb illərində idmana marağı ilə öz yaşıdları arasında seçilib. Altun idmanın sərbəst güləş növü ilə məşğul olub. O, yaşının az olmasına baxmayaraq, güləş üzrə rayonlararası yarışlarda 20 medal, 4 diplom və saysız-hesabsız fəxri fərmanlar qazanıb.

Altunun, həmçinin yaradıcılıq qabiliyyəti də var idi. Evlərində onun öz düşüncələri ilə quraşdırdığı maketlər, əl işləri, çəkdiyi rəsmlər var. Ondan yadigar qalanlar da elə bu əl işləri və bir də xoş xatirələrdir.

Tədbirdə şəhidin döyüş yoluna da nəzər salınıb. Onun igid, cəsur bir əsgər olduğu qeyd olunub. Diqqətə çatdırılıb ki, Altun ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.