REGİONLAR
Şəmkirdə tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir
Şəmkir, 13 oktyabr, AZƏRTAC
Şəmkirdə əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərmək üçün rayonun kənd və qəsəbələrində ardıcıl tədbirlər görülür. Könüllü, Qapanlı, Qaracəmirli və İrmaşlı kəndlərində yeni həkim məntəqələri inşa olunmaqla yanaşı, Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər və şüa diaqnostika şöbələri də yerli büdcə hesabına əsaslı şəkildə yenidən qurulub. Rayonun bir kəndində yeni həkim məntəqəsinin tikintisi, eləcə də Kür qəsəbə xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ayaz İbrahimov AZƏRTAC-a bildirib ki, əvvəllər kəndlərdə şərait yaxşı deyildi. Bu səbəbdən də sakinlər rayon mərkəzinə üz tuturdular. İndi şərait yaxşılaşdığından hamı öz yaşadığı kənddə müalicə ala bilir. Bundan başqa, Gənc Həkimlər Birliyi ayda iki dəfədən az olmayaraq kəndlərdə əhalini tibbi müayinədən keçirir.