REGİONLAR
Şəmkirin Bayramlı və Dağ Cəyir kəndləri “mavi yanacaq”la təmin olunub
Şəmkir, 28 noyabr, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Şəmkirin Bayramlı və Dağ Cəyir kəndləri “mavi yanacaq”la təmin edilib. Ümumilikdə 2883 nəfər əhalinin yaşadığı kəndlərin qazlaşdırılması üçün 1800 metr uzunluğunda müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunub, 790 mənzildə “smart” tipli sayğac quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkəmizdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial-məişət şəraitinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Kənd ağsaqqalları sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra qazın verilişini bildirən məşəl alovlandırılıb.