REGİONLAR
Şəmkirin Zəyəm qəsəbəsində polis bölməsinin yeni binası açılıb
Şəmkir, 11 may, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonunun Zəyəm qəsəbəsində polis bölməsinin yeni inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri Şəmkir Rayon Polis Şöbəsinin rəisi Cəmil Əmirov açaraq, yeni binanın istifadəyə verilməsinin ictimai qaydanın qorunmasının və təhlükəsizliyin təmin edilməsinin səmərəsini daha da artıracağını bildirib.
Tədbirdə Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-mayor Elçin Həsənov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, yeni bölmənin əməkdaşlarını təbrik edib, onlara işlərində uğurlar arzulayıblar.
Bildirilib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər daxili işlər orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar açır.
Sonra mərasim iştirakçıları yeni polis bölməsinin inzibati binasında yaradılan şəraitlə tanış olublar.