REGİONLAR
Şəmkirin kəndlərində elektrik təsərrüfatı yenilənir
Şəmkir, 22 fevral, Famil Quliyev, AZƏRTAC
Hava şəraitindən asılı olmayaraq əhalini fasiləsiz elektrik enerjisi ilə təchiz etmək üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti regionlarda yenidənqurma işlərini davam etdirir. Tədbirlər çərçivəsində Şəmkir rayonunda elektrik təsərrüfatının yenidən qurulması sakinlər tərəfindən razılıqla qarşılanır.
“Azərişıq” ASC tərəfindən 35-10 kilovatlıq “Şəmkir-2” yarımstansiyasının quraşdırılmasına başlanılıb. Bu məqsədlə Dəllər yarımstansiyasından yeni 35 kilovatlıq xətt çəkilib. Əliyaqublu kəndində 700-ə yaxın yeni dayaq basdırılıb, 15 kilometr sip kabel çəkilib, müxtəlif ərazilərdə 7 güc transformatoru quraşdırılıb.
Kənd sakini Eyvaz Quliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Əvvəllər işıqlarımız tez-tez sönürdü. İndi isə belə hallar olmur. Yollarımız da düzəlib, daimi suyumuz, qazımız var”.
Qeyd edək ki, Şəmkirdə elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər təkcə Əliyaqublu kəndini əhatə etmir. Rayonun Düyərli, Muxtariyyə, Dəllərcəyir və Könüllü kəndlərində, eləcə də Dəllər qəsəbəsində yeni salınan yaşayış massivlərindəki transformatorlar, dayaqlar və kabellər də yenilənib.