REGİONLAR


Şəmkirli kümçü: İstehsal edəcəyimiz 300 kiloqram barama ailə büdcəmizə xeyli gəlir gətirəcək

Şəmkir, 17 may, Famil Quliyev, AZƏRTAC

Ölkəmizdə baramaçılığın yenidən inkişaf etdirilməsi üçün Çin Xalq Respublikasından gətirilmiş tut tinglərindən 40 min ədədi Şəmkir rayonunun 36 yaşayış məntəqəsində əkilib. Ötən il rayonda kümçülər tərəfindən 100 qutu ipəkqurdu bəslənilib və 3 ton barama təhvil verilib. Bu il isə 150 qutu ipəkqurdu gətirilib, kəndlərdə kümçülərə paylanıb və 7 ton barama istehsalı gözlənilir.

İpəkqurdu saxlayan kəndlərdən biri də Yeni Həyat kəndidir. Kəndin ərazisində 5500 ədəd tut tingi əkilib. Yeni Həyat kənd sakini İradə Qəhrəmanova əvvəllər də ipəkqurdu bəsləyib. Ötən ildən Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən baramaçılığın inkişafına təkan veriləndə bir çoxları kimi İradə Qəhrəmanova da buna sevinib.

İradə Qəhrəmanova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bu, məni çox sevindirdi. Keçən il 40 qram ipəkqurdu götürdük, 80 kiloqram əla növ barama təhvil verdik və pulunu aldıq. Bu il isə 140 qram qurd götürmüşük, indi onlara qulluq edirik. 300 kiloqrama yaxın barama istehsal edəcəyik ki, bu da ailə büdcəmizə xeyli gəlir gətirəcək”.

Yeni Həyatda əvvəllər də ipəkqurdu bəslənildiyindən kənd ərazisində xeyli miqdarda tut ağacı qorunub saxlanılıb. Kəndlilər həmin ağacların yarpağından ipəkqurdunun yemlənməsində istifadə edirlər. Gələn ildən etibarən isə Çindən gətirilmiş tut ağaclarının yarpaqlarından da istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.