REGİONLAR
Səmti müəyyən etmə idman növü üzrə beynəlxalq turnirdə 150-dən çox idmançı mübarizə aparır VİDEO
Xaçmaz, 1aprel , Elxan Yusifli, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq Kubok yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, aprelin 2-dək davam edəcək beynəlxalq turnir Xaçmaz rayonunun Nabran və Şabran rayonunun Qalaaltı meşə zolaqlarında keçirilir. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışlara yerli təmsilçilərlə yanaşı, Türkiyə, Ukrayna və Rusiyadan olan idmançılar da qatılıb.
Açılış mərasimində son illər dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın mötəbər yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi qeyd olunub. Bildirilib ki, bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği məqsədilə keçirilir. Eyni zamanda, turnir bu idman növü üzrə milli yığma komanda üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.
Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 10 komanda, habelə yarışa fərdi şəkildə qatılan idmançılar 9 kateqoriya üzrə orta və uzun məsafədə yarışırlar.150-dən çox idmançının mübarizə apardığı Beynəlxalq Kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilir.
Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən yarışda qalib komandaya yarışın kuboku təqdim ediləcək. Birinci-üçüncü yerləri tutan idmançılar medal və diplomla təltif olunacaq.