İDMAN
Semyon Çterev: “Qızıl Qran-pri”nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışa səylə hazırlaşan qadın güləşi üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi olub.
Məşqdən sonra mətbuat nümayəndələrinə müsahibə verən yığmanın baş məşqçisi Semyon Çterev heyətdə əsasən gənclərə yer verəcəklərini bildirib.
Baş məşqçi deyib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnik (48 kq), bürünc medalçı Nataliya Sinişin (53), eləcə də “London-2012”nin bürünc mükafatçısı Yuliya Ratkeviç (55 kq) qarşıdakı turnirdə iştirak etməyəcəklər. Əvəzində Türkan Nəsirova (44 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Elis Manolova (67 kq) kimi dünya və Avropa mükafatçıları, həmçinin hazırlığa yeni başlayan və “Tokio-2020”də iştirakı gözlənilən gənclərə də şans veriləcək.
S.Çterev qarşıdakı yarışın dekabrın 10-dan 11-dək Macarıstanın paytaxtı Budapeştdə qeyri-olimpiya çəki dərəcələri üzrə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını söyləyib. O bildirib: “Qızıl Qran-pri”nin final mərhələsi dünyanın ən güclü güləş turnirlərindən biridir. Buna görə komandamız yarışa ciddi hazırlaşıb. Əsasən, təcrübə toplayan gənclərə şans verəcəyik. Mundialda iki qeyri-olimpiya çəki dərəcəsində - 55 kq və 60 kq-da Azərbaycanı təmsil edəcək güləşçiləri müəyyənləşdirəcəyik.
Qeyd edək ki, proqrama əsasən, qadın güləşçilər yarışların ikinci günündə mübarizə aparacaq. Noyabrın 24-də sərbəst, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır. Yarışlar “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.