REGİONLAR
Sən elə bir zirvəsən...
Naftalan, 10 may, Rauf Hacıyev, AZƏRTAC
Mayın 10-da ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar, xarici turistlər iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb. Sonra tədbir iştirakçıları müxtəlif əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Ulu Öndərin Azərbaycanın bütün sahələrdəki inkişafının müəllifi olduğunu qeyd edib. Həmçinin Azərbaycanda dahi rəhbərin siyasi kursunun bu gün də uğurla davam etdirildiyi və ölkəmizin yeni-yeni nailiyyətlər qazandığı diqqətə çatdırılıb.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub. Şəhər məktəblilərinin ifasında “Sən elə bir zirvəsən” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş ağacəkmə aksiyasına qoşulublar. Aksiya çərçivəsində şəhərin müxtəlif yerlərində 1000-ə yaxın ağac əkilib və aqrotexniki qulluq göstərilib.