Şən və hazırcavablar klubları arasında keçirilən müsabiqə başa çatıb
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Noyabrın 10-dan 17-dək Beynəlxalq Tələbə Gənclər Həftəsi münasibətilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin şən və hazırcavablar klubları arasında təşkil olunan müsabiqənin final mərhələsi keçirilib.
Naxçıvan Dövlət Universitetinin mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə çoxsaylı komandaların hazırladıqları yumoristik səhnəciklər maraqla qarşılanıb.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarından ibarət münsiflər heyəti komandaların çıxışlarını qiymətləndiriblər.
“Karvan” komandasının üzvləri səhnə mədəniyyətləri və peşəkarlıqları, hazırcavablıqları, parodiya qabiliyyətləri və ifaçılıq səriştələri ilə digər komanda üzvlərindən seçiliblər. Bunu nəzərə alan münsiflər heyəti Naxçıvan Dövlət Universitetinin “Karvan” komandasını yarışın qalibi elan edib.
Müsabiqənin nəticəsinə əsasən, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası ikinci, Naxçıvan Tibb Kollecinin “Loğman” komandası isə üçüncü yerə layiq görülüblər.
Qaliblər kubok, diplom və fəxri fərmanlarla təltif olunublar.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin 1999-cu ildə yaradılan “Karvan” şən və hazırcavablar komandası indiyədək 6 dəfə muxtar respublika üzrə çempionatın qalibi olub. 2000-ci və 2002-ci illərdə isə Azərbaycan çempionatının mükafatçıları sırasında yer alıb. Komanda Türkiyə Cümhuriyyətində keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə, festivallarda da iştirak edib.
“Karvan” müəyyən fasilələrdən sonra öz fəaliyyətini yenidən canlandırıb. Komandanın kapitanı universitetin aktyorluq sənəti ixtisası üzrə I kurs tələbəsi Səyyad Məmmədovdur. Komanda üzvlərindən aktyorluq sənəti ixtisasının III kurs tələbələri Cəlil Cavadov, Elmi Hüseynov, həmin ixtisasın I kurs tələbələri Mehri Nəbiyeva və Rauf Gülməmmədovun istedadları, sənətə olan sevgi və maraqları bu komandanın gələcəkdə də sənət uğurları qazanacağına əminlik yaradır.