SİYASƏT
Senatda ABŞ-ın Azərbaycanda və bir sıra digər ölkələrdə səfirləri vəzifələrinə namizədlərlə bağlı dinləmələr olub
Xatırladaq ki, Prezident Obama Robert Frensis Sekutanı Azərbaycanda, Riçard C.Millsi Ermənistanda, Cess Lippinkot Beylini Makedoniyada və Marqaret Enn Uyexarı Monteneqroda səfir vəzifəsinə namizəd kimi təqdim edib. Dinləmələri komitənin sədri senator Kris Merfi və senator Ronald Conson aparırdı.
Kris Merfi Balkan və Qafqaz regionlarının ABŞ üçün əhəmiyyətini qeyd etdi. O, Ermənistan barəsində dedi ki, bu ölkə iqtisadi göstəricilər və siyasi müstəqillik baxımından regionun digər dövlətlərindən geri qalır. Senator qeyd etdi ki, cari ilin mart ayında BMT-nin Baş Məclisində Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verən ölkələr arasında Ermənistanın da olması ABŞ-ı məyus edib.
Senator bizim ölkəmiz barəsində vurğuladı ki, Azərbaycan, xüsusən enerji sahəsində əməkdaşlıq baxımından, çox mühüm tərəfdaşdır.
ABŞ-ın səfirləri vəzifələrinə namizədlərin çıxışlarından sonra senator Merfi və senator Conson namizədlər Robert Sekutaya və Riçard Millsə müraciətlə, Dağlıq Qarabağ münaqişəsi barədə öz mövqelərini bildirmələrini xahiş etdilər. Hər iki namizəd dedi ki, onlar ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ilə sıx əməkdaşlıq edəcək, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yollarını axtaracaqlar. Riçard Mills qeyd etdi ki, bu münaqişənin həlli üç prinsipə əsaslanmalıdır: güc tətbiq etməmək və güc tətbiq edilməsi barədə təhdidlərdən imtina etmək; ərazi bütövlüyü və təyini-müqəddərat hüququ. O, Dağlıq Qarabağ münaqişəsi barədə ABŞ-ın rəsmi mövqeyinə dair ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin bu il mayın 7-də Karnegi Fondunda nitqinə də istinad etdi. Həmin nitqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının altı əsas bəndi göstərilir. Riçard Sekuta əlavə etdi ki, münaqişənin hərbi yolla həlli yolverilməzdir.
R.Sekuta öz cavablarında onu da qeyd etdi ki, ABŞ-ın Azərbaycanla münasibətləri təhlükəsizlik, energetika və demokratikləşmə prinsiplərinə əsaslanır. Dünyada ilk neft quyusunun qazıldığı Azərbaycan enerji təchizatının şaxələndirilməsi, habelə təhlükəsizlik məsələləri sahəsində mühüm tərəfdaşdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton