İQTİSADİYYAT


Sənaye müəssisələrində tullantı sularının idarə edilməsi imkanları müzakirə edilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Sənaye müəssisələrində tullantı sularının ətraf mühitə ziyan vurmadan idarə edilməsi imkanları müzakirə edilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr oktyabrın 28-də “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində “Sənaye müəssisələrində tullantı sularının idarə edilməsi” mövzusunda keçirilən tədbir zamanı aparılıb.

BMT Sənayenin İnkişafı Təşkilatının “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal” (RSDTİ) proqramı çərçivəsində keçirilən tədbirdə dövlət təşkilatlarının, özəl şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçılarına Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi barədə məlumat verilib. Qeyd olunub ki, bir il öncə - 2015-ci il oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilmiş bu kompleks dünyanın ən böyük ultrasüzgəc texnologiyasına əsaslanan qurğularından biridir və hazırda Abşeron yarımadasının içməli su təchizatında mühüm rol oynayır.

“Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal” proqramının milli koordinatoru Rauf Rzayev RSDTİ proqramı çərçivəsində görülmüş işlər barədə məlumat verib. O bildirib ki, proqram enerji, xammal və materiallardan səmərəli istifadə, istehsalat tullantılarının azaldılmasını nəzərdə tutur.

“Azərsu” ASC-nin “Sukanal” ETLİ-nin mütəxəssisləri sənaye müəssisələrində yaranan tullantı sularının idarə edilməsi barədə geniş məlumat veriblər. Qeyd olunub ki, tullantı sularının idarə olunması zamanı ətraf mühitə təsir amilləri diqqətdə saxlanılır.

Tədbirdə sənaye müəssisələrində tullantı sularının ətraf mühitə ziyan vurmadan idarə edilməsi imkanları müzakirə edilib, geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.