İQTİSADİYYAT
Sənaye üzrə işçi qruplarının ilk iclaslarında ixrac imkanları, rəqabət qabiliyyətinin artırılması, markalanmanın təşviqi ilə bağlı aktual məsələlər müzakirə olunmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyində sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə 8 işçi qrup yaradılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu qruplar yüngül, ağac emalı və mebel istehsalı, kimya və əczaçılıq, aqrar, kompyuter və elektron avadanlıq, metallurgiya, maşın və avadanlıq istehsalı, tikinti-inşaat materialları sənayesi sahələrini əhatə edir. Sahə işçi qruplarının yaradılmasında əsas məqsəd müvafiq sahə üzrə mövcud vəziyyəti və tendensiyaları müzakirə etmək, konkret sahənin inkişafı üzrə təkliflər hazırlamaq, müəssisələrarası əməkdaşlığı təşviq etməkdən ibarətdir.
İqtisadiyyat və Sənaye Nazirliyində yüngül, ağac emalı və mebel sənayesi üzrə isə işçi qrupların ilk iclasları keçirilmişdir. İclaslarda bu sahələrdə fəaliyyət göstərən 20-dən çox şirkət iştirak etmişdir.
İclaslarda ixrac imkanları, rəqabət qabiliyyətinin artırılması, markalanmanın təşviqi ilə bağlı aktual məsələlər müzakirə olunmuş və növbəti iclaslaradək istehsalçılardan təkliflərin qəbul edilməsi və bu təkliflərin öyrənilməsi qərara alınmışdır.