REGİONLAR


Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi əsaslı təmir olunub

Gəncə, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin açılış olub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərkəzin direktoru Şahin Məmmədov bildirib ki, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi 1939-cu ildən fəaliyyət göstərir. İstifadəyə verildiyi vaxtdan bu günə kimi əsaslı təmir işləri aparılmayan binanın texniki bazasına ikimərtəbəli inzibati bina-tədris korpusu, dördmərtəbəli 150 yerlik şagird yataqxanası, 4 istehsalat təlimi emalatxanası və 6 xüsusi fənn kabineti daxildir.

AZƏRTAC xəbər verir ki, hazırda liseydə 9 ixtisas üzrə tədris aparılır. Həmin ixtisaslarda 336 şagird peşə öyrənir. Ümumilikdə 18 istehsalat təlim ustası, 24 nəfər pedaqoji və yardımçı heyət fəaliyyət göstərir. Əsaslı təmir nəticəsində bina müasir və günün tələblərinə cavab verən səviyyəyə gətirilib. Yüz əlli nəfərlik yataqxana tam təmir edilib. Yeni tipli mini stadion inşa edilərək şagirdlərin istifadəsinə verilib. 400 kvadratmetr məktəbyanı sahə, 100 yerlik yeməkxana, oxu zalı olan kitabxana, akt zalı yenidən təmir edilib. Bundan başqa, emalatxanalar lazımi avadanlıqlarla təchiz edilərək, şagirdlərin istifadəsinə verilib. Binanın ətrafında yaşıllaşdırma işləri aparılıb, 150-dən çox ağac və bəzək kolları əkilib.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin istehsalat təlimi ustası Sevil Nuriyeva, şagirdlər Günel Ələsgərova və Elcan Musayev mərkəzdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və təmir–tikinti işlərinin həyata keçirilməsində əməyi olan insanlara təşəkkür ediblər.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 15 İyun - Milli Qurtuluş Günü və əlamətdar hadisə münasibətilə mərkəzin kollektivini təbrik edib, onlara peşə tədrisi sahəsində müvəffəqiyyətlər arzulayıb.

Prezident İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirən Elmar Vəliyev xatırladıb ki, əvvəllər şəhərdə mövcud olan 3 peşə məktəbi və 3 peşə liseyi hazırda iki baza əsasında birləşib. Onlardan biri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi, digəri isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinə çevrilib. Məqsəd isə günün tələbinə uyğun mütəxəssislərin hazırlanmasıdır. Bildirilib ki, yaxın zamanlarda daha bir peşə məktəbinin açılışı olacaq. Bununla da şəhərdə olan bütün peşə məktəbləri və liseylərin maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində lazımi tapşırıqlar yerinə yetirilmiş olacaq.

Çıxışlardan sonra mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.