İQTİSADİYYAT
Sənayenin inkişafında fərqlənən 23 yerli şirkət və müəssisə mükafatlandırıldı
Bakı, 26 noyabr, AZƏRTAC
Aqrar, qida, yüngül, ağır və mebel sənayesinin inkişafı, neft-kimya sənayesinin modernləşdirilməsi, tikinti materiallarının istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, regionlarda rəqabətqabiliyyətli istehsalın qurulması, ixracyönümlü avadanlıq istehsalının inkişafı sahəsində fərqlənən 23 yerli şirkət və müəssisə mükafata layiq görülüb. Onların sırasında “Azərkimya” İB, Bakı Gəmiqayırma Zavodu, “Holcim Azərbaycan” ASC, “Norm” MMC, “Mətanət A” MMC, Qaradağ Metal Konstruksiyalar Zavodu, “Asena Co” MMC və digərləri var.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq sənaye konfransı çərçivəsində keçirilən mükafatlandırma mərasimində məlumat verilib. Noyabrın 26-da Bakı Biznes Mərkəzində təşkil olunmuş mərasimə yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları dəvət olunmuşdu.
Mükafatları qaliblərə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təqdim edib.
Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilib.