CƏMİYYƏT
Sənədlərini Moskvada unudan məşhur rusiyalı blogger geri qayıdıb
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 25-də bir sıra internet saytlarında və sosial şəbəkələrdə “Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar” başlıqlı informasiya yer alıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, avqustun 25-də Rusiya Federasiyasından Gürcüstandan keçməklə Azərbaycana gələn Rusiya vətəndaşı Erik Davidoviç Kituaşvilinin idarə etdiyi “BMV” markalı “o165HO777” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda gömrük baxışı həyata keçirilib. Gömrük baxışından öncə Erik Davidoviç Kituaşvili avtomobilində olan video çəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim edib.
Vətəndaş E.D.Kituaşvilidən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunan zaman o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirib. Vətəndaş E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, lakin o, geri qayitmağa qərar verib.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda vətəndaş Erik Davidoviç Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilib, o da, öz növbəsində heç bir etirazının olmadığını bildirib və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanıb.