İQTİSADİYYAT
Seneqal Gömrük Xidmətinin kinoloqları Azərbaycanda təlimlərə başlayıb
Bakı, 18 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
Azərbaycan və Seneqal gömrük komitələri arasında əldə olunan razılığa əsasən, kadr potensialının gücləndirilməsi istiqamətində iş üzrə Seneqal Gömrük Xidmətinin kinoloqları Azərbaycanda təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev oktyabrın 18-də Dövlət Gömrük Komitəsində Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə bildirib.
AZƏRTAC xəbər verir ki, komitə sədri hələ sovetlər dönəmindən Seneqalla Azərbaycan arasında səmimi münasibətlərin olduğunu, son illərdə isə bu münasibətlərin hər iki ölkənin gömrük orqanları tərəfindən daha da inkişaf etdirildiyini diqqətə çatdırıb. Komitə sədri yaxın vaxtlarda dost ölkəyə narkotik maddələrin müəyyən edilməsi işində təlim görmüş itlərin hədiyyə olunacağını və Azərbaycan gömrükçülərinin seneqallı həmkarlarına bütün sahələrdə dəstək göstərəcəyini bildirib.
Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueye Azərbaycana səfər etməkdən qürur duyduğunu, göstərilən yüksək qonaqpərvərliyə və dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan gömrüyünün modernləşmə, informasiya texnologiyalarının tətbiqi, kadrların potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atdığını deyən nümayəndə heyətinin rəhbəri bu sahədə əldə olunan təcrübənin öyrənilməsi və ölkəsində tətbiq edilməsi istiqamətində göstərilən dəstəyə görə bir daha minnətdarlığını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Görüşdən sonra isə Seneqal nümayəndə heyəti DGK-da gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələr və “Hədəf” mərkəzi ilə tanış olublar.
Daha sonra qonaqlar Dünya Gömrük Təşkilatının Regional Kinoloji və Tədris mərkəzləri, Dövlət Gömrük Komitəsinin Akademiyası və “Azərterminalkompleks” Birliyinə baş çəkiblər.
Seneqal nümayəndə heyətinin Azərbaycana səfəri oktyabrın 22-dək davam edəcək.