İQTİSADİYYAT
“Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart”dakı estakadayanı meydança ilə stasionar dəniz özülü təmir edilib
Bakı, 2 avqust, AZƏRTAC
“Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri yekunlaşıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Azneft” İstehsalat Birliyi mütəmadi olaraq istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, sosial obyektlərin inşası, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri bu tədbirlərdəndir. Təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.
Birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulub, 6 metal lövhə quraşdırılıb. Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılıb, 10 ədəd işıq dirəyi yenisi ilə əvəz olunub. Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılıb, 2 minik meydançası yenisi ilə əvəz olunub. Meydançada 240 metr uzunluğunda məhəccər çəpəri və bir piyada körpüsü quraşdırılıb, 23 işıq dirəyi yenisi ilə əvəz olunub.