İQTİSADİYYAT
Səngəçal-Umbakı avromobil yolunda 2 körpü bərpa edilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Qaradağ rayonu, Səngəçal-Umbakı avtomobil yolunun 13-cü və 24-cü kilometrliklərində yerləşən iki avtomobil körpüsü “Azəravtoyol” ASC tərəfindən bərpa edilib.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol”un mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, körpülər istismar müddətlərini başa vurduğundan, həmçinin ağırtonnajlı maşınların intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətdə idilər.
Bərpa işləri zamanı sözügedən avtomobil yolunun 13-cü kilometrində yerləşən 4 aşırımlı körpünün uzunluğu 37,5 metrdən 47 metrə, eni isə 7,5 metrdən 8,5 metrə qədər genişləndirilib.
Digər 3 aşırımlı körpünün isə bərpadan öncəki uzunluğu 23,5 metr, eni 7,5 metr olub. Bərpadan sonra körpünün uzunluğu 39 metr, eni isə 8,5 metrə qədər genişləndirilib.
Təmir işləri zamanı körpülər demək olar ki, sökülərək yenidən bərpa olunub. Dayaqlar və hərəkət hissəsi dəmir-beton, aşırım hissəsi isə metal konstruksiyalardan yenidən inşa edilib, körpülərin hərəkət hissəsinə asfalt-beton örtük döşənib. Hər iki körpünün kənarlarına yeni dəmir məhəccərlər quraşdırılıb.
Xatırladaq ki, Səngəçal-Umbakı avtomobil yolunun üzərində yerləşən hər iki körpü 1960-cı ildə inşa edilib.