İQTİSADİYYAT
Sentyabrda Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək
Bakı, 21 mart, AZƏRTAC
Sentyabrın 30-da Astanada 4-cü Beynəlxalq “Caspian Energy” Forumu keçiriləcək. Forumun təşkilatçısı Caspian Energy International Media Group-dur.
Caspian European Club-dan AZƏRTAC-a verilən məlumata görə, forumda nazirlər, enerji və iqtisadiyyat sektorunu təmsil edən dövlət komitələrinin və agentliklərinin rəhbərləri, Qazaxıstan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin beynəlxalq Avropa maliyyə strukturlarının, neft-qaz biznesinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iri beynəlxalq şirkətlərinin rəhbərləri iştirak edəcəklər.
Forumda əvvəlcə Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya energetika bazarlarına inteqrasiyasının bütün aspektləri və investisiya cazibədarlıqlarının müzakirəsi planlaşdırılır. Avrasiyanın enerji, nəqliyyat və infrastruktur layihələrində aparıcı rolu, artan qaz upstream-ı və Xəzərin resurs potensialı forum iştirakçılarının diqqət mərkəzində olacaq.
Daha sonra isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forum keçiriləcək. Bu forumda maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, sənaye, tikinti və digər qeyr-neft sektoru sistemlərinə innovasiyaların yönəldilməsi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması kimi məsələlər müzakirə ediləcək.
Tədbir çərçivəsində, həmçinin “Caspian Energy Award – 2015” mükafatları təqdim olunacaq.