İQTİSADİYYAT
Sentyabrda Caspian Energy Transport və Caspian Energy ICT forumları təşkil olunacaq
Bakı, 12 iyul, AZƏRTAC
Sentyabrın 20-də Caspian European Club və Caspian American Club Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Caspian Energy Transport Forum və Caspian Energy İCT Forum keçirəcək.
Caspian European Club-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, forumun açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı gözlənilir.
Telman Əliyev bildirib ki, forumun birinci hissəsi nəqliyyat sektoruna, ikinci hissəsi isə İKT sahəsinə həsr olunacaq.
Forum Caspian European Club və Caspian American Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq. Bundan əlavə, tədbirdə iştirak etməyi planlaşdıran xarici şirkət nümayəndələri də foruma böyük maraq göstəriblər.
Telman Əliyev forumun təşkilinin əlamətdar hadisə sayılan “Əsrin müqaviləsi”nin imzalandığı tarixə - sentyabrın 20-nə planlaşdırıldığını və neft sektorunun inkişafından qeyri-neft sektorunun, xüsusi nəqliyyat və İKT sahələrinin inkişafına keçidlə assosiasiya olunduğunu vurğulayıb.
Caspian Energy Transport Forum-un əsas mövzusu regionun nəqliyyat infrastrukturunun inkişafı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri və Azərbaycanın bu dəhlizdəki rolu, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması, Azərbaycanla digər dövlətlər arasında aviamarşrutların açılması, dəmir yol stansiyalarının tikintisi, Xəzər Dəniz Gəmiçiliyinin inkişafı olacaq. Forumda AZAL, Azərbaycan Dəmir Yolları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin digər nəhəng nəqliyyat şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Caspian Energy ICT Forum çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycan şirkətləri tərəfindən ölkəmizin hüdudlarından kənarda uğurla istifadə olunan proqram təminatının istehsalı məsələsinin müzakirəsi planlaşdırılır.
Forumda iştirak etmək üçün http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017 linki vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Telman Əliyev, həmçinin qeyd edib ki, tədbirin keçirildiyi ərəfədə “Caspian Energy” jurnalının nəqliyyat və İKT forumlarına həsr olunmuş xüsusi buraxılışı işıq üzü görəcək.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.