İQTİSADİYYAT


Sentyabrda Polşanın inkişaf nazirinin birinci müavininin Azərbaycana səfəri planlaşdırılır

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Bu il sentyabr 26-27-də Polşanın inkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birgə Azərbaycana səfəri nəzərdə tutulur.

Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin Polşa Respublikasının ölkəmizdəki səfiri Marek Tsalka ilə keçirdiyi görüşdə məlumat verilib. Görüşdə Azərbaycan və Polşa arasında əlaqələrin uğurla inkişaf etdiyi, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın əməkdaşlığın möhkəmləndirilməsindəki rolu qeyd edilib.

Səfir M.Tsalka deyib ki, Azərbaycan təkcə neft və qazla zəngin ölkə deyil, o, həm də mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Azərbaycanın yeni nəqliyyat sisteminin formalaşdırılması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Onun sözlərinə görə, bu il sentyabr 26-27-də Polşanın inkişaf nazirinin birinci müavini Radoslav Domaqalski-Labentskinin Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə birgə Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində iki ölkənin sahibkarlarının görüşlərinin təşkili prioritet istiqamətlər üzrə konkret addımları müəyyənləşdirməyə töhfə verəcək.

Görüş zamanı Polşanın inkişaf nazirinin birinci müavininin həm bu səfərinin, həm də cari ilin sonunda keçirilməsi planlaşdırılan İqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyasının 7-ci iclasının yüksək səviyyədə təşkili məqsədilə bir sıra təkliflər də səsləndirilib. Bildirilib ki, əməkdaşlıq potensialının dəyərləndirilməsi üçün sentyabr ayının birinci yarısında Azərbaycanın aparıcı işgüzar dairələrinin nümayəndələrindən ibarət qrupun Polşaya səfəri də zəruridir.

Energetika naziri, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Natiq Əliyev isə lazımi dəstəyin veriləcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.