CƏMİYYƏT


Sentyabrın 15-i Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı - Bilik günüdür

A+ A

Bakı, 15 sentyabr, Maqsud Dadaşov, AZƏRTAC

Sentyabrın 15-i ölkəmizdə Bilik günü kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və bu gün Bilik günü elan edilir.

Son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

2016-2017-ci dərs ilinin ilk günündə respublika üzrə 164 min 33 şagird üçün ilk zəng çalınacaq. Ölkə üzrə 4 min 472 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə təhsil alanların sayı 1 milyon 415 min 242 nəfər təşkil edir. Paytaxtda isə bu il 48 minədək uşaq birinci sinfə gedir. Şagird qəbulu bu il də elektron sistem vasitəsilə həyata keçirilib. “mektebeqebul.edu.az” saytı vasitəsilə 45 min 742 valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirib. Onlardan 42 min 892-si övladlarının təhsil almaları üçün ümumtəhsil məktəblərini, 2 min 850-si isə lisey və gimnaziyaları seçib. Şagirdlərin 4 min 836-sı 6 yaşı tamam olmayanlardır. Bu tədris ili üçün 261 adda 6 milyon 600 min nüsxədən çox dərslik və müəllimlər üçün vəsait çap olunaraq məktəblərə çatdırılıb.

Bu il ali məktəblərin birinci kursunda oxuyacaq tələbələrin sayı 34 min 771 nəfərdir. İstər ümumi, istərsə də ali təhsil müəssisələrinin maddi-texniki təminatı istiqamətində də zəruri tədbirlər görülüb. Paytaxt Bakı və bölgələrdə müxtəlif məktəblər istifadəyə verilib. Müasir standartlara cavab verən təhsil müəssisələri lazımi inventarla təchiz edilib. Bununla da müəllimlərin iş şəraiti, şagird və tələbələrin təhsil almaq imkanları üçün hər cür şərait yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.