ELM VƏ TƏHSİL
Sentyabrın 28-də Yer sakinlərini növbəti Ay tutulması gözləyir VİDEO
Bakı, 13 avqust, AZƏRTAC
Sentyabrın 28-də Yer sakinləri növbəti Ay tutulmasını müşahidə edəcəklər. Bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması hadisəsindən sonuncusudur.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın - 356 896 kilometr məsafədə olması ilə, yəni Ayın bədirlənməsi ilə üst-üstə düşəcək. Həmin vaxt Ay Yer kürəsindən adi ölçüsündən daha böyük və parlaq görünəcək. Bu hadisə ümumilikdə 3 saat 20 dəqiqə, Ayın tam tutulması fazası isə 1 saat 12 dəqiqə davam edəcək.
Tutulma sentyabrın 28-də Qrinviç vaxtı ilə saat 1:07-də başlanacaq, saat 4:27-də isə başa çatacaq. Bu göy hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə olunacaq.