CƏMİYYƏT
Sentyabrın ikinci yarısında ekoloji qanun pozuntularına görə 190 akt və protokol tərtib olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən sentyabrın 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkarlanıb. Ekoloji qanun pozuntularına görə 190 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 82 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 42 iş üzrə 38660 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 6 iş üzrə 1436.5 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 144 iş üzrə 195934.4 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 3, icra qurumlarına 13, məhkəmələrə isə 1 iş göndərilib.