CƏMİYYƏT


Şərabçılıq məhsullarının istehsal texnologiyaları ilk dəfə toplu şəkildə nəşr olunub

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda Almaniyada ingilis dilində nəşr olunmuş “Azərbaycan şərabçılıq məhsullarının texnologiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Çexiyanın üzümçülük sahəsində tanınmış mütəxəssisi, bu ölkənin Direktorlar Şurasının sədri, “Vinselekt Mikhlovsky” şirkətinin təsisçisi Milloş Miklovski, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük və şərabçılıq sahəsində aparıcı alimləri, üzüm emalı zavodlarının mütəxəssisləri, Elmi-Tədqiqat İnstitutunun elmi işçiləri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar institutun Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyaları və şərab kolleksiyası ilə tanış olublar.

Tədbirdə çıxış edən institutun direktoru Tariyel Pənahov iştirakçılara Azərbaycanda istehsal olunan üzüm sortları, şərab növləri, elmi müəssisənin beynəlxalq əlaqələri və struktur quruluşu barədə məlumat verib.

“Azərbaycan şərabçılıq məhsullarının texnologiyası” adlı kitabda süfrə, desert, tünd, oynaq üzüm şərablarının, konyakların, tünd meyvə içkilərinin, vakuum-şirə, konsentrat təbii üzüm şirəsi və üzüm sirkəsinin istehsalı ətraflı təsvir edilib. Bildirilib ki, müxtəlif növ şərabçılıq məhsullarının istehsal texnologiyaları toplu şəkildə Azərbaycanda ilk dəfə nəşr olunub.

Sonra Çexiyanın üzümçülük və şərabçılıq sahəsində tanınmış dünya şöhrətli alimi Milloş Miklovski Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahovun 2016-cı ildə Almaniyanın Hannover şəhərində Avropa Təbiət Elmləri Akademiyasına həqiqi üzv seçilməsi haqqında diplom və döş nişanını təqdim edib.

Sonda institutun alimləri, üzümçülük və şərabçılıq üzrə mütəxəssislər respublikada üzümçülüyün daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.