SİYASƏT
Serb yazıçısı dünya ictimaiyyətini Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində addımlar atmağa çağırıb
Belqrad, 7 iyul, AZƏRTAC
Dünya şöhrətli “Xəzər lüğəti” kitabının müəllifi, serb yazıçısı Milorad Paviçin xanımı Yasmina Mihayloviç iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxs Sahibə Allahverdiyevanın və ikiyaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasını qəti şəkildə pisləyib.
Serbiyanın geniş oxucu kütləsinə malik http://balkanin.com saytında “İkiyaşlı azərbaycanlı qız və nənəsi Dağlıq Qarabağda erməni hücumunun yeni qurbanı olublar” sərlövhəli məqalədə yazıçının fikirləri yerləşdirilib. Müəllif yazır: “Təcavüzkar separatizm və tarixi torpağı olan Kosovo və Metoxiyanın parçalanması ilə üzləşən Serbiya vətəndaşı kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya xəbərlərini diqqətlə izləyirəm. Xatırladım ki, 1990-cı illərdə hərbi müdaxilə və işğal minlərlə insanın həyatına son qoyub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu münaqişə insanlara fəlakət və bədbəxtlik gətirməkdə, onların həyatına son qoymaqda davam edir.
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində dinc əhalini və mülki obyektləri atəşə tutması nəticəsində ikiyaşlı qız uşağının və nənəsinin ölümü haqqında xəbəri böyük narahatlıqla oxudum. Yenə də mülki insanlar, uşaq və qocalar məqsədyönlü şəkildə atəşə tutulur və qətlə yetirilirlər. Mülki əhali ilə müharibəni qorxaqlıq hesab edirəm. Dinc əhaliyə qarşı yönəlmiş hər cür zorakılıq və hərbi əməliyyatları qətiyyətlə pisləyirəm. Minomyot atəşi nəticəsində azyaşlı uşağın və nənəsinin ölümünün ərazi iddiaları ilə başlayan və həllini tapmayan hərbi münaqişələrin nəticəsi olduğuna inanıram”.
Y.Mihayloviç bütün dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə tənzimlənməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad