İDMAN
Sərbəst güləş üzrə Azərbaycan yığması dünya çempionatında 4 qızıl və 1 bürünc medalla birinci olub VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı başa çatıb.
Sərbəst güləşçilərin yarışında böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə Arif Hüseynov (50 kq), Mahir Əmiraslanov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (84 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş yarışlarının birinci günündə yığmamızın üzvlərindən Nurməhəmməd Hacıyev qızıl, Arif Hüseynov isə bürünc medal qazanıb.
Çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində yarışan güləşçilərimiz günü 3 qızıl medalla başa vurublar.
Mahir Əmiraslanov Yaponiya, Rusiya və İrandan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə güləşçimiz hindistanlı rəqibini 10:0 hesabı ilə məğlub edərək ona heç bir şans verməyib və dünya çempionatının qızıl medalına sahib olub.
Teymur Məmmədov da finaladək maneəsiz irəliləyib. İspaniya, Türkiyə və ABŞ idmançılarını mübarizədən kənarlaşdıran güləşçimiz finalda Yaponiya təmsilçisi ilə qarşılaşıb. Bu görüşü də qələbə ilə başa vuran Teymur dünya çempionatının qızıl medalına yiyələnib.
Digər idmançımız Səid Həmidov finala gedən yolda Meksika, Polşa və ABŞ-dan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada İran idmançısını 14:3 hesabı ilə məğlub edən Səid Həmidov dünya çempionatının qızıl medalını qazanıb.
Beləliklə, sərbəst güləşçilərimiz dünya çempionatını 4 qızıl və 1 bürünc medalla başa vurublar. Komanda hesabında 58 xal toplayan yığmamız çempionatı ikinci sırada başa vurub. İran 62 xalla birinci, Rusiya 49 xalla üçüncü yerdə qərarlaşıb. Qızıl medalların sayına görə isə sərbəst güləş yığmamız bütün komandaları qabaqlayaraq dünya birincisi olub və güləş tariximizdə yeni bir səhifə yazıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan idmançıları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Yığmamız çempionatı komanda hesabında ikinci sırada başa vurub.
Gənc qızların yarışında isə yığmamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında ikinci sırada qərarlaşıb.