REGİONLAR
Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub
Naxçıvan, 26 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə şəhər birinciliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov idmançıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirin məqsəd və vəzifələri haqqında danışıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən Hüseyn Əhmədli, Rasim Həsənov, Turqut Abdullayev, Sahil İsmayılov, Bəhlul Əsgərli, Orxan Ələkbərov, Altay Zeynalov, Qoca Əhmədov, Musa Mehdiyev və Nail Nuriyev müvafiq olaraq 42, 46, 50, 54, 58, 63, 69, 76, 84 və 100 kiloqram çəki dərəcələrində birinci yerlərə layiq görülüblər. Hər çəki dərəcəsində fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.