REGİONLAR
Sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan, 18 aprel, AZƏRTAC
İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbirdə çıxış edərək birinciliyin keçirilmə məqsədi haqqında məlumat verib, onlara yarışda uğurlar arzulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib və yarışa başlanılıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı qüvvələrini sınayıb. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Kəramət Xudiyev, Abbas Nəzərəliyev, Turqut Abdullayev, Əli Əlioğlu, Fuad Məmmədov, Nurəddin Əliyev və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.