CƏMİYYƏT
Sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyevlə görüş
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev gənclərlə görüşüb.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, təşkilatın departament rəhbəri Hüseyn Babayev gənclərlə idmançılarımızın görüşlərinin ənənəvi olaraq keçirildiyini bildirib və budəfəki qonaqlar barədə məlumat verib.
Əvvəlcə öz fəaliyyəti və idmana gəlməsi haqqında danışan Toğrul Əsgərov qələbələrini hər zaman Azərbaycan xalqına həsr etdiyini deyib. 19 yaşında ən gənc Olimpiya çempionu kimi tarixə düşən T.Əsgərov gənclərin suallarını cavablandırıb. “2012-ci il həqiqətən də mənim üçün çox yaddaqalan oldu. Ona görə ki, Avropa çempionu adını qazandım, böyük “Qran-pri”lərin qalibi oldum, ardından London Yay Olimpiya Oyunlarında qızıl medal əldə etdim. Mənim üçün bundan böyük sevinc ola bilməzdi”, - deyə idmançı bildirib.
Uşaqlıqda daha çox musiqiyə həvəsinin olduğunu deyən sərbəst güləş üzrə 2014-cü ilin dünya və Avropa çempionu Hacı Əliyev isə sualları cavablandırarkən həmkarları ilə dostluq münasibətlərindən danışıb: “Bəzən bizim dostluğumuzun sonlandığı, bir-birimizlə əzəli rəqib olduğumuz barədə yalan informasiyalar yayılır. Əslində isə bu, belə deyil, nə olursa rinqdə, tatamidə, meydanda qalır, dostluq isə hər zaman öz yerindədir”.
Sonda çempionlarımız gənclərə tövsiyələrini veriblər.