İDMAN
Sərbəst güləşçilərimiz birinci Avropa Oyunlarına hazırlığı İran idmançıları ilə birgə davam etdirirlər
Bakı, 26 may, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan yığma komandası birinci Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir.
AZƏRTAC xəbər verir ki, böyüklərdən ibarət yığma komandanın üzvləri baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsianın rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edirlər. Otuza yaxın güləşçinin qatıldığı hazırlıq prosesi iyunun 2-dək davam edəcək. Bu təlim-məşq toplanışı həm də Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsində həlledici rol oynayacaq.
Təlim-məşq toplanışında sərbəst güləş üzrə İran komandasının 7 üzvü də iştirak edir. Onların arasında qitə və dünya çempionatlarının qalib və mükafatçıları ilə yanaşı, üçqat Asiya çempionu Reza Afzali Paemami da var.
Qeyd edək ki, birinci Avropa Oyunlarında güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.