İDMAN
Sərbəst və yunan-Roma güləşçilərimiz Göygöldə təlim-məşq toplanışındadırlar
Bakı, 31 iyul, AZƏRTAC
Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.
Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar qarşıdan gələn dünya çempionatına hazırlıq planı üzrə məşqlərini Göygöl Olimpiya İdman Kompleksində davam etdirir.
Türkiyənin yunan-Roma güləşi üzrə komandasının da qatıldığı təlim-məşq toplanışı avqustun 8-dək davam edəcək. Sərbəst güləş üzrə yığma komandamız isə avqustun 1-dən 15-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olacaq. Sərbəst güləşçilərimiz hazırlıqları Gürcüstan, Dağıstan və İran komandalarının üzvləri ilə birgə davam etdirəcəklər.
Rio Olimpiadasına ilk lisenziyaların qazanılacağı böyüklər arasında dünya çempionatı sentyabrın 7-dən 12-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək.