İDMAN
Sərbəst və yunan-Roma güləşi komandalarımız Olimpiadaya hazırlığı Göygöldə davam etdirir VİDEO
Göygöl, 27 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Güləş üzrə Azərbaycanın yığma komandaları qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir. Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə məşqlərini Göygöl Olimpiya İdman Kompleksində keçirlər.
AZƏRTAC xəbər verir ki, mayın 27-də Yay Olimpiya Oyunlarına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların Göygöl Olimpiya İdman Kompleksində mətbuat üçün açıq məşqi təşkil olunub. Yunan-Roma güləşi üzrə millimiz hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirir. Kuba yığmasının heyətində ikiqat Olimpiya, beşqat dünya və səkkiz dəfə Panamerika çempionu Mijain Lopez (130 kq), dünya və üçqat Panamerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı, Panamerika çempionatının qalib və mükafatçıları da yer alıblar.
Sərbəst güləşçilərimiz də hazırlıqları Kuba komandasındakı həmkarları ilə birgə davam etdirirlər. Kubanın sərbəst güləş yığmasının heyətində dünya və Panamerika çempionatlarının qalib və mükafatçıları var.
Yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadi jurnalistlərə bildirib ki, komandanın məşqləri yüksək səviyyədə təşkil edilib. İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında idmançılarımızın medal şansı böyükdür. İnaniram ki, idmançılarımızdan ən azı beşi yüksək nəticə göstərəcək. İnşallah, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz yeni tarix yazacaqlar.
Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Rəsul Çunayev Olimpiya Oyunlarına çox güclü hazırlaşdıqlarını vurğulayaraq deyib: “Yarış yaxınlaşdıqca məsuliyyətimiz daha da artır. Olimpiya Oyunlarında bütün idmançılar yüksək hazırlıqlı olurlar. Rio-de Janeyroda qızıl medal qazanmaq istəyirəm və ona görə də ciddi hazırlaşıram”.
Olimpiadaya hazırlığın uğurla keçdiyini deyən yunan-Roma güləşi üzrə yığma komandamızın digər üzvü Rövşən Bayramov isə məqsədinin medal qazanmaq olduğunu deyib və bu tapşırığın öhdəsindən gələcəyinə əminliyini bildirib.
Sərbəst güləş üzrə yığma komandamızın üzvü Toğrul Əsgərov da hazırlıqların yaxşı keçdiyini deyib: “Mənim üçün rəqibin titullu və ya təcrübəsiz olması böyük önəm kəsb etmir. Hər bir görüşə böyük əhəmiyyət veririk və ciddi hazırlaşırıq. Olimpiya Oyunlarında yaxşı nəticə göstərməyə və bayrağımızı yüksəltməyə çalışacağam”.
Sonra sərbəst güləş üzrə Azərbaycan və Kuba güləşçilərinin yoldaşlıq görüşü keçirilib. Azərbaycan yığması 7:2 hesabı ilə qalib gəlib.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev idmançılarımızın çıxışını izləyib.
Sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların mayın 15-dən başlayan təlim-məşq toplanışı mayın 30-dək davam edəcək.
Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-21-də keçiriləcək.