REGİONLAR
Sərbəst və yunan-Roma güləşi üzrə açıq respublika birinciliyinin qalibləri müəyyənləşib
Xaçmaz, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Dövlət Müstəqilliyi Gününə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan respublika birinciliyi 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilib.
Sərbəst güləş üzrə yarışlarda, ümumilikdə, 300-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb. Yunan-Roma güləşi üzrə yarışlara isə 280-ə yaxın idmançı qatılıb.
Maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, sərbəst güləş üzrə komanda hesabında I yeri Abşeron Uşaq Gənclər İdman Mərkəzinin (UGİM), II yeri “Təhsil” RİM-in 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzinin (RİOEUGİM), III yeri isə Siyəzən rayon Uşaq-Gənclər İdman Mərkəzinin (UGİM) komandaları qazanıb.
Yunan-Roma güləşi üzrə isə komanda hesabında I yeri “Təhsil” RİM-in 1 saylı RİOEUGİM-in, II yeri Beyləqan rayon UGİM-in, III yeri isə “Təhsil” RİM-in Sumqayıt filialının komandaları tutub.