İDMAN
Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti: Əminik ki, idmançılarımız “Bakı-2015”-dən çoxlu medalla qayıdacaqlar
Belqrad, 30 may, AZƏRTAC
İlk Avropa Oyunları ilə əlaqədar Belqradda Serbiya Milli Olimpiya Komitəsinin (SMOK) nümayəndələri ilə görüş keçirilib.
Serbiyanı bu mötəbər idman tədbirində təmsil edəcək idmançılara uğurlar arzulayan SMOK-un vitse-prezidenti Zarko Paspalj köhnə qitənin çoxdan gözlədiyi möhtəşəm ilk Avropa Oyunlarında ölkəsinin iştirakından məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, tədbirin yüksək səviyyədə keçirilməsi üçün Avropa Olimpiya Komitəsi və təşkilatçı ölkə - Azərbaycan tərəfindən mühüm işlər görülüb. Yarışlarda Serbiya güclü idmançıların daxil olduğu böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Əminik ki, idmançılarımız “Bakı-2015”-dən çoxlu sayda medalla qayıdacaqlar.
SMOK-un baş katibi Dorde Visaçki vurğulayıb ki, Serbiya “Bakı-2015”-də son zamanlarda beynəlxalq turnirlərə göndərdiyi ən geniş nümayəndə heyətlərindən biri ilə təmsil olunacaq. Müxtəlif yarışlarda göstərdikləri uğurlu nəticələr sayəsində çoxlu sayda atletimiz ilk Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.
“Bakı-2015”də iştirak edəcək Serbiya nümayəndə heyətinin rəhbəri Damir Ştayner idmançıların Bakıya səfəri, yarışlarda iştirakı, tədbirin təşkili və digər məsələlərlə bağlı ətraflı məlumat verib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad