İQTİSADİYYAT


Serbiya hökuməti Azərbaycanın “AzVirt” şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirir

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan hökumətinin ayırdığı kredit hesabına Serbiyada həyata keçirilən və iri infrastruktur layihələrindən olan E-763 avtomagistralının (11-ci dəhliz) Lyiq-Prelyina hissəsinin tikintisini həyata keçirən Azərbaycanın “AzVirt” şirkətinin rəhbəri Kamil Əliyevin başçılıq etdiyi nümayəndə heyəti yekunlaşma mərhələsində olan layihə üzrə işlərin gedişi ilə tanış olmaq məqsədilə Serbiyada səfərdə olub.

Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində K.Əliyev “AzVirt” şirkətinin Belqrad şəhərindəki filialının nümayəndələri və layihədə subpodratçı qismində çalışan Serbiya şirkətlərinin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin gedişi ilə tanış olub, tikintidə çalışan fəhlələrlə görüşüb.

Səfər zamanı Serbiya Respublikasının Baş naziri Aleksandar Vuçiç “AzVirt” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Baş nazir Serbiya hökumətinin “AzVirt”in bu ölkədəki işlərinin keyfiyyətindən çox razı qaldığını söyləyib və şirkətin fəaliyyətinin hər zaman ölkədə çalışan digər xarici şirkətlərə nümunə kimi göstərildiyini vurğulayıb. O, məhz bu səbəbdən Serbiya hökumətinin bu layihə başa çatdıqdan sonra da “AzVirt”lə əməkdaşlığı davam etdirməkdə marağını ifadə edərək istər digər layihələr, istərsə də Serbiyadakı özəlləşdirmə prosesi daxil olmaqla sonrakı əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi üçün müzakirələrə hazır olduğunu bildirib.

K.Əliyev “AzVirt”in fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Baş nazir Aleksandar Vuçiçə minnətdarlığını ifadə edib, şirkətin Serbiyadakı fəaliyyətinə ilk gündən verilən dəstəyə görə Serbiya hökumətinə, onun müxtəlif qurumlarına təşəkkürünü bildirib. O, tikinti sahəsində işlərin gedişi barədə məlumat verərək hazırda 22 nəfər Azərbaycan və digər ölkə vətəndaşı istisna olmaqla, tikintidə çalışan bütün işçilərin Serbiya vətəndaşları olduqlarını, istifadə edilən tikinti materiallarının isə 100 faiz Serbiyada istehsal edildiyini söyləyib. K.Əliyev şirkətin layihə üzrə işləri mümkün qədər qısa müddətdə yekunlaşdıracağını, iş prosesi zamanı əsasən keyfiyyət meyarlarının üstün tutulduğunu bildirib. O, layihə başa çatdıqdan sonra da “AzVirt”in Serbiyada fəaliyyətini davam etdirmək əzmində olduğunu və bu məqsədlə Serbiya hökuməti tərəfindən təklif ediləcək digər layihələrə və əməkdaşlıq modellərinə dair müzakirələr aparmağa hazır olduğunu qeyd edib.

Səfər çərçivəsində “AzVirt” şirkətinin nümayəndə heyəti Serbiya Baş nazirinin müavini, tikinti, infrastruktur və nəqliyyat naziri Zorana Mihayloviç və “Koridori Srbije” şirkətinin rəhbərliyi ilə də görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq məsələləri müzakirə edilib.

“AzVirt”in nümayəndə heyəti, həmçinin Belqrad şəhərindəki Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin, tanınmış serb yazıçısı Milorad Paviçin heykəllərini, 1999-cu ildə bombardmanlar nəticəsində həlak olmuş uşaqların xatirəsinə həsr edilmiş “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.