QAN YADDAŞI


Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Belqrad, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyində Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və Serbiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

20 Yanvar qırğınını əks etdirən fotosərgi ilə tanış olan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov 27 il əvvəl 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən danışaraq azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləboran edildiyini bildirib. Faciə zamanı 147- insanın qətlə yetirildiyini, 744 insanın yaralandığını və yüzlərlə insanın həbs olunaraq təzyiqlərə məruz qaldığını deyən səfir 20 Yanvar faciəsinin Azərbaycan xalqının imperiyaya qarşı azadlıq mübarizəsinin şərəf tarixi olduğunu vurğulayıb. O bildirib ki, bu faciə zamanı Azərbaycan xalqının göstərdiyi şücaət Sovet rejiminin və totalitarizminin dağılmasına zəmin yaradıb.

E.Həsənov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini və həmin hadisələrə müstəqil Azərbaycanda məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini xatırladıb.

Tədbir iştirakçıları faciə zamanı milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliklərini bildiriblər.

Həmçinin qeyd etmək lazımdır ki, Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ərəfəsində Serbiya mətbuatında jurnalist Draqana Liliçin müəllifliyi ilə “Azərbaycanda faciəvi yanvar” adlı məqalə nəşr olunub. Məqalədə 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunda silahlı erməni quldurlarının törətdiyi cinayətlər, azərbaycanlıların regiondan qovulması və tarixi Azərbaycan torpaqlarının qanunsuz şəkildə Ermənistana birləşdirmək cəhdlərinə, həmçinin SSRİ rəhbərliyinin baş verənlərə etinasız münasibətinə etiraz edən dinc Azərbaycan sakinlərinin 20 yanvar 1990-cı il tarixində sovet qoşunları tərəfindən gülləbaran edildiyi qeyd olunub, faciə barədə əhatəli məlumat verilib.

20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Bosniya və Herseqovina və Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən də anım tədbirləri keçirilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.