İQTİSADİYYAT
Serbiyalı nazir yerli RTS kanalında ölkəsinin Azərbaycan ilə enerji əlaqələrindən danışıb VİDEO
Belqrad, 17 aprel, AZƏRTAC
Serbiyanın dağ sənayesi və energetika naziri Aleksandr Antiç yerli RTS kanalında yayımlanan xəbər proqramında ölkəsinin Azərbaycan ilə enerji əlaqələrindən danışıb. Qeyd edib ki, Serbiyanın qaz bazarının şaxələndirilməsi baxımından önəmli layihə olan “Cənub” qaz dəhlizi artıq reallaşma mərhələsindədir. O deyib: “Azərbaycan sürətli inkişafın müşahidə olunduğu önəmli bir ölkədir. Siyasi sahədə yüksək səviyyədə olan əlaqələrimiz bu ölkəyə son səfərimizdən sonra iqtisadi əməkdaşlıq kontekstində də genişlənəcək. Səfər çərçivəsində müxtəlif istiqamətlərdə razılıqlar əldə olunub”.
A.Antiç vurğulayıb ki, Azərbaycan şirkətləri Serbiyada neft-kimya, kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır: “Biz Azərbaycan Metanol Şirkətində (AzMeKo) olduq. Bu şirkətin nümayəndələrini müvafiq istiqamətdə danışıqları davam etdirmək üçün Serbiyaya səfərə dəvət etdik”.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan Serbiyanın qaz təminatının şaxələndirilməsində önəmli rol oynaya bilər: “Azərbaycan əsas qaz istehsalçılarından biridir. Reallaşma mərhələsində olan “Cənub” qaz dəhlizi layihəsi vasitəsilə qaz Yunanıstandan keçərək bizim ərazimizə daxil olacaq. Əsas hədəfimiz bu istiqamətdə Azərbaycan ilə danışıqları müsbət nəticə ilə yekunlaşdırmaqdır”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad