İDMAN
Serbiyalı nazirə birinci Avropa Oyunlarına hazırlıqla bağlı ətraflı məlumat verilib
Serbiyanın gənclər və idman naziri Vanja Udovicic “Bakı-2015” Avropa Oyunlarının baş ofisində olub.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Serbiyanın mötəbər yarışa ən güclü idmançılarla qatılacağını diqqətə çatdırıb.
Bildirib ki, biz həmin idmançıları gələn il Bakıda salamlamağı səbirsizliklə gözləyirik. Təsnifat prosesinin yarısını tamamlayan Serbiya bu vaxtadək basketbol (3x3), boks, kanoe, gimnastika və güləş yarışlarında iştirak edəcək idmançıları seçib.
Nazir gələn il keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla, əldə edilmiş nailiyyətlər və irəliləyişlər ilə bağlı ən son yeniliklər barədə məlumatlandırılıb.
“Bakı-2015”in keçiriləcəyi idman obyektlərinə səfər etməkdən məmnunluğunu ifadə edən serbiyalı nazir öz ölkəsində atletlərin birinci Avropa Oyunları haqqında məlumatlı olduqlarını vurğulayıb.
Nazir olmazdan əvvəl V.Udovicic ölkəsinin ən istedadlı su polosu oyunçusu olub və üç Olimpiya medalı (2004, 2008, 2012-ci il) qazanıb.
Qeyd edək ki, serbiyalı nazir ölkəmizə Gənclər Siyasəti üzrə Qlobal Forumda iştirak etmək məqsədilə gəlib.