CƏMİYYƏT
Serbiyanın Çupriya şəhəri Azərbaycanla sıx əlaqələrin qurulmasına önəm verir VİDEO
Çupriya, 1 dekabr, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri bu ölkənin Çupriya şəhərində səfərdə olublar. “Serbiya Avropa ritmində” layihəsinin təşkilatçılığı, Serbiyanın Çupriya şəhər rəhbərliyinin dəvəti ilə həyata keçirilən səfər zamanı şəhər meriyasında keçirilmiş görüşdə son illər Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın sürətli inkişafından məmnunluq ifadə edilib. Bildirilib ki, bu münasibətlərin daha da möhkəmləndirilməsində dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri mühüm rol oynayır.
Söhbət zamanı mer Ninoslav Eriç Morava çayı üzərində yerləşən Çupriya şəhərinin tarixi, iqtisadi potensialı, investisiya imkanları və mədəni irsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, Çupriya şəhəri Serbiyaya dost ölkələrlə sıx əlaqələrin qurulmasına böyük önəm verir.
Azərbaycan səfirliyinin, həmçinin “Serbiya Avropa ritmində” layihəsinin nümayəndələri ilə görüşdən məmnunluğunu ifadə edən N.Eriç layihənin 2016-cı ilin iyununda tamamlanacağını diqqətə çatdırıb və həmin vaxt səfirliyin əməkdaşlarının bir daha Çupriyanın qonağı olacaqlarına, bu əməkdaşlığın gələcəkdə daha sıx mədəni və iqtisadi əlaqələrə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə ölkəmizin Serbiyada həyata keçirdiyi humanitar və iqtisadi layihələr, Azərbaycanın zəngin mədəni irsi, qədim tarixi, müasir sosial-iqtisadi inkişafı, ölkəmizdəki vətəndaş cəmiyyəti quruculuğu, siyasi sabitlik, demokratiya və digər sahələrdə uğurla həyata keçirilən islahatlar barədə məlumat verilib. Vurğulanıb ki, serbiyalı idmançıların da iştirak etdikləri “Bakı 2015” ilk Avropa Oyunları daxil olmaqla Azərbaycan bir sıra önəmli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və problemin sülh yolu ilə həllində qeyri-konstruktiv mövqe tutması, təcavüz nəticəsində 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sərhədlərinin toxunulmazlığı, dövlətlərin suverenliyi, beynəlxalq hüququn prinsipləri əsasında həlli istiqamətində beynəlxalq birliyin səylərinin artırılması vacibdir.
“Serbiya Avropa ritmində” layihəsinin icraçı direktoru İqor Karadareviç qeyd olunan layihədə bu il qalib gəlmiş Çupriyanın bütün Avropa ölkələrinin Serbiyadakı səfirlikləri ilə əməkdaşlığa açıq olduğunu və növbəti ildə şəhərin bu layihə çərçivəsində təşkil olunacaq final konsertinə ev sahibliyi edəcəyini bildirib.
Çupriyaya səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri bu şəhərdə inşa edilən sənaye parkını, şəhər muzeyini, serblərin tarixində xüsusi yeri olan Knyaz Lazarın nəşinin qoyulduğu Ravanitsa Monastırını, İstedadlı Musiqiçilər Məktəbini və “Serbiya Avropa ritmində” layihəsi üzrə gələn ilin iyununda final konsertinin keçiriləcəyi zalı ziyarət ediblər.
Layihə çərçivəsində Serbiyanın ayrı-ayrı şəhərlərindəki məktəblilər Serbiyada akkreditə olunmuş Avropa ölkələrinin səfirlikləri ilə əməkdaşlıq zəminində həmin ölkələrin musiqilərini ifa edirlər. Belə ki, bu ilin iyununda Serbiyanın Novi Beçey şəhərinin məktəbliləri həmin şəhərdə keçirilmiş konsertdə Azərbaycanın dövlət himnini səsləndiriblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Çupriya