İDMAN
Serbiyanın RTS kanalında “Bakı-2015” ilk Avropa Oyunlarından bəhs olunub VİDEO
Belqrad, 27 may, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə və müavini Lalə Məcidova bu ölkənin Dövlət Radio və Televiziya Kanalının (RTS) böyük tamaşaçı kütləsinə malik “Səhər” proqramının qonağı olublar.
Azərbaycan Respublikasının milli bayramı, 28 May – Respublika Günü ərəfəsində yayımlanan proqramda Z.Əlizadə və L.Məcidova ölkəmizin tarixi, mədəniyyəti, əldə etdiyi uğurlar, mərkəzin fəaliyyəti, Azərbaycan və Serbiya arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafından danışıblar. Onlar cari ilin iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məlumat verərək, bu mötəbər yarışda Avropa ölkələrindən 6 mindən artıq atletin, o cümlədən Serbiyadan 130-dan çox idmançının iştirak edəcəyini söyləyiblər. Vurğulanıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın verilməsi ölkəmizin son illərdə beynəlxalq nüfuzunun artması və əldə etdiyi uğurların məntiqi nəticəsidir.
Proqram zamanı Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, regionları, Bakının görməli yerləri və ilk Avropa Oyunları ilə bağlı videoçarxlar nümayiş olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad