ELM VƏ TƏHSİL
Serbiyanın sabiq Prezidenti ADA Universitetində mühazirə oxuyub
Bakı, 19 dekabr, AZƏRTAC
Serbiyanın sabiq Prezidenti Boris Tadiç ADA Universitetində tələbələr, inzibati heyət və professorlarla görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sabiq Prezident “Berlin divarının sökülməsindən 25 il sonra qlobal siyasətdə baş verən dəyişikliklər” mövzusunda mühazirə oxuyub.
ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bu tədbirin ali təhsil müəssisəsində yeni yaradılmış Avropa İttifaqı Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunduğunu söyləyib. Rektor müzakirələr zamanı Serbiyanın Avratlantik inteqrasiyaya gedən yolda gördüyü işlərdən danışıb. ADA-nın tarixi haqqında məlumat verən Hafiz Paşayev hazırda universitetdə müxtəlif ölkələrdən 61 beynəlxalq tələbənin təhsil aldığını söyləyib.
Boris Tadiç çıxışı zamanı hazırda beynəlxalq aləmdə müxtəlif güclər arasında mövcud münasibətlərin bütün dünyanı real təhlükə ilə üz-üzə qoyduğunu, "Vahid Avropa” yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş sual-cavabla və müzakirələrlə davam edib.