MƏDƏNİYYƏT


Şərəfli keçmişimizə məhəbbətlə

28 may - Respublika Günü sənət əsərlərində

Bakı, 27 may, AZƏRTAC

Xalqımızın çoxəsrlik tarixində saysız-hesabsız günlər olsa da, onların ən yaddaqalanı 28 may - Respublika Günüdür, desək, həqiqəti söyləmiş olarıq. 99 il bundan əvvəl müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hamımıza başucalığı gətirən hadisə kimi bu gün də böyük ruh yüksəkliyi ilə qeyd olunur. Çox təəssüf ki, 23 aydan sonra bu hökumət süqut etdi və uzun müddət onun mövcudluğu tarixinin üzərinə elə bir sirr qatı çəkildi ki, sanki həmin hadisə heç olmayıbmış. Üstəlik kommunist rejiminin 71 illik mövcudluğu dövründə 28 aprel 1920-ci il çevrilişinin güclü təbliği ilə 28 mayın unutdurulmasına səy göstərildi. Elə bunun nəticəsidir ki, təsviri və tətbiqi sənətimizin nə sovet dönəmi tarixində, nə də “sandıq incəsənəti” sayıla biləcək fərdi saxlanclarda 28 may hadisəsi və onun yaradıcıları ilə bağlı bir əsər belə yoxdur. Otuzuncu illərin repressiyasını yaşamış cəmiyyət üçün sovet sisteminin əleyhinə işlərin görülməsi, cümhuriyyəti və onun liderlərini təbliğ edən əsərlərin yaradilması təbii ki, çox çətin, bəlkə də mümkünsüz idi.

28 maya duyulası rəssam və heykəltəraş marağının ölkəmizin 1991-ci ildə yenidən müstəqillik qazanmasından sonra yaranması yəqin ki, təbii sayılmalıdır. Müstəqillik illərində bu mövzu təsviri və tətbiqi sənətimizdə aparıcı mövzulardan birinə çevrilmişdir, desək, yanılmarıq. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və onun liderlərinə həsr olunmuş əsərlərin rəssam və heykəltəraşların müxtəlif nəsillərinin müraciət etmələri əlbəttə ki, təqdirəlayiq hadisə idi.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının 2013-cü ildə Azərbaycan tarixi mövzusunda keçirdiyi “Əsrlər-nəsillər” müsabiqə-sərgisində cümhuriyyət mövzusunun geniş yer tutması da yaradıcılarımızın öz tarixlərinə maraq və ehtiramlarının göstəricisi oldu. Heykəltəraş Xanlar Əhmədovun “General Əliağa Şıxlinski” və “General Səməd bəy Mehmandarov”, Arif Qazıyevin “Nuru paşa”, Mübariz Əmiraslanovun “İstiqlal”, rəngkar Arif Məmmədovun “Cümhuriyyət xadimlərinin Gəncədə qarşılanması”, Tofiq Ağababayevin “General Əliağa Şıxlinski”, Altay Hacıyevin “Fətəli xan Xoyski”, qrafika rəssamı Arif Hüseynovun “Azərbaycan generalları” silsiləsi və s. nümunələr həmin sərginin yaddaqalan əsərlərindən sayılır.

Müstəqillik illərində Bakıda və bölgələrdə 28 may hadisəsini özündə əks etdirən abidələrin ucaldılmasını ilk növbədə dövlətimizin və xalqımızın öz şərəfli tarixinə ehtiramının göstəricisi saymaq olar. Bu mənada Cavanşir Dadaşovun Novxanıda ucaldılmış “M.Ə.Rəsulzadə”, Azad Əliyevin Şəmkirdə qoyulmuş “Üzeyir Hacıbəyli və Əhməd Cavad” abidələrini, Əhməd Salikovun “Əhməd Cavad” (Şəmkir”) büstünü, Bakıdakı “İstiqlal” abidəsinin və s. adını çəkmək olar. Müstəqillik illərində tələbələrin öz diplom işlərini 28 may həsr etmələrinə tez-tez rast gəlinməsi yaxşı haldır. Bu mənada Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının diplomçuları olan Ceyhun Həmzəyevin (“Cümhuriyyət”) və Bəxtiyar Yusifovun (“Nuru paşa”) rəngkarlıq əsərlərinin adını çəkmək olar. İstedadlı tişə ustası Zakir Əhmədovun ərsəyə gətirdiyi “Azərbaycan” kompozisiyası da maraqlı plastika nümunələrindəndir. Arif Həsənovun “Qalx, qalx, Azərbaycan” qrafik lövhəsi də təsir gücünə görə yaddaqalandır.

Cümhuriyyətin qurucuları ilə qohumluq əlaqəsi olan Oqtay Sadıqzadənin yaradıcılığında 28 maya həsr olunmuş əsərlərin çoxluğu təbii qəbul olunur. Onun ADR-in liderlərindən olan M.Ə.Rəsulzadəyə həsr etdiyi portretlər xüsusilə diqqətçəkəndir, Eyyub Məmmədovun bu lideri əks etdirən rəngkarlıq tablosu da gözoxşayan sənət nümunələrindəndir.

İldən-ilə müstəqilliyin imkanlarından faydalanan rəssam və heykəltəraşlarımızın gələcəkdə də bu mövzuya sadiq qalacaqlarına inanmaq istərdik. Belə ki, yaşananların inandırıcı və təsirli formada gələcək nəsillərə çatdırılması üçün sənət əsərləri ən yaxşı vasitədir.

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.